• Dərialtı İnyeksiyalar (mezoterapiya, botulinoterapiya və s.);
• Fizioterapiya (lazer terapiya, foto terapiya, elektrik cərəyanla stimulyasiya);
Cərrahi kosmetologiya — kosmetoloji problemlərin cərrahi metodlarla həlli növüdür.
Kimyəvi pilinq
Bir və ya daha çox kimyəvi soyucu maddənin dəriyə tətbiq olunması zamanı dəridə soyulma baş verməsi prosesi kimyəvi pilinq adlanır. Soyulma prosesindən sonra dəri sağalır və yenilənir.
Kimyəvi pilinqin 3 növü var: səthi, orta və dərin
Pilinq prosedurasında aşağıda sadalanan maddələr və ya onların qarışımlarından istifadə olunur: Alfa hidroksi turşuları (meyvə turşuları olaraq da adlandırılan, qlikolik, laktik və s.), Beta hidroksi turşusu olan salisil turşusu, TCA pilinqi, Fenol pilinqi, Retinoid pilinqi, Jessner pilinqi.
Kimyəvi pilinqin nəticələri əsasən bunlardı: ləkələrin aradan qaldırılması, qırışların yox edilməsi, yara və sızanaq izlərinin itirilməsi, lazer proseduralarının effektivliyinin artması, daha parlaq və gənc dəri, qidalandırıcı və nəmləndirici serumların, kremlərin və maskaların daha dərin qatlara çatmasına imkan yaradır.
Mezoterapiya
Mezoterapiya — vitaminlər, mikroelementlər, aminoturşular, dərman preparatları və qarışımların (kokteyllərin) intradermal və ya subkutan (dəri içinə və altına) inyeksiya metodudur. Mezoterapiya dərinin daha canlı və təravətli olmasına səbəb olur.
Mezoterapiyanın nəticələri: üz, boyun, sinə və digər nahiyələrdə dərinin gəncləşməsi, nəmlənməsi və qidalanması, antioksidant effekti, iltihabın qarşısının alınması, dəridə qan dövranının və mübadilə proseslərinin aktivləşməsi, saç tökülməsinin müalicəsi, saçların sıxlığının bərpası, sellülitin və dəri dartılmalarının müalicəsi, lokal yağların əridilməsi (lipoliz), ləkələrin müalicəsi, yara və sızanaq izlərinin müalicəsi və aradan qaldırılması, göz ətrafı dərinin piqmentasiyası göyərmə və qırışlarla mübarizədə effektiv bir vasitədir.
Trombositlərlə zəngin plazma
PRP terapiyası – şəxsdən götürülən qanı xüsusi proseslərdən keçirdikdən sonra, əldə edilən trombositlər, böyümə faktorları, sitokinlər və digər aktiv komponentlərlə zəngin plazmanın inyeksiya edilməsidir. PRP terapiyası dermatologiyada, ortopediyada, cərrahiyyədə və digər sahələrdə istifadə olunur.
PRP terapiyasının təsirləri: yara sağalmasının tezləşdirilməsi; kollagen, elastin və hialuron turşusunun sintezinin artması, toxumaların bərpası və gəncləşməsi; yeni və sağlam damarların yaranması; toxumaların qidalanması və canlılıq qazanması; yaşlanmanın qarşısının alınması; piqmentasiyalara qarşı mübarizə; gözətrafı problemlərin aradan qaldrılması; dəri dartılmalarının müalicəsi; dərinin hamar və sağlam görünüş qazanması.
Botoks
Botulinum toksini bakteriyalardan əldə edilən bir maddədir. Tibbin bir çox sahələrində (nevrologiya, cərrahiyyə, oftalmologiya və s.) o cümlədən, dermatokosmetologiyada da istifadə olunur. Botoks inyeksiyaları mimik əzələlərin aktivliyini azaldaraq alın, qaşların arası, göz və ağız ətrafı, üzün alt qismi və boyunun hiperdinamik qırışlarının aradan qaldırılmasında effektiv bir vasitədir. Botoks, tez-tez tərləyən insanlarda tərləməni mükəmməl bir şəkildə azaldaraq normal həyat tərzi davam etməyə imkan verir.
Botoks inyeksiyalarının nəticələri: qırışlar açılır, üz silueti arzu edilən şəkildə olur, daha gənc və gözəl görünür, qaşların və burun ucunun qalxmasına imkan yaradır, tərləmənin qarşısı alınır (üz, qoltuqaltı, əl içi, ayaqaltı və bədənin digər nahiyələrində).
Dolğu inyeksiyaları
Qadınlar özlərini hər zaman daha gözəl və gənc görmək istəyir. Botoks inyeksiyalarından əlavə, dolğu inyeksiyaları arzularına çatmaqda xanımlara dəstək olur. Bu metod, cərrahi metodlarla müqayisədə daha sərfəli və təhlükəsiz, əks təsirləri az olan və sosial həyatdan uzaq qalmağı tələb etməyən bir metoddur. Hal-hazırda tərkibində hialuron turşusu olan preparatlar daha çox istifadə olunur. Bu turşu üz nahiyəsində statik qırışları aradan qaldırmaq üçün mükəmməl bir dolğu maddəsidir.
Dolğu inyeksiyalarının nəticələri: qırışların aradan qaldırılması; dodaqlara ideal forma, canlılıq və təbii dolğunluğun verilməsi; burun formasının düzəldilməsi; üz siluetinin mükəmməlləşdirilməsi (yanaqlar, almacıqlar və s.); təbii kollagen və elastin sintezinin aktivləşdirilməsi; dərinin nəm balansının bərpası və uzun müddət qorunması.
Biorevitalizasiya
Yaş irəlilədikcə dəridə mübadilə prosesləri zəifləyir və dərinin nəm qalmasını təmin edən hialuron turşusunun miqdarı proqressiv olaraq azalır. Dəri quru, cansız və mat bir görünüş alır. Biorevitalizasiya proseduru bunlarla mübarizədə ən təhlükəsiz və effektiv metodlardan biridir. Bu prosedur zamanı hialuron turşusu dəriyə yeridilərək nəm balansını bərpa edir, bunun nəticəsində, dəri canlı, təravətli və baxımlı görünür. Preparatın hialuron turşusu sorulduqdan sonra belə, dəridə sintezi artırılmış hialuron turşusu dərini uzun müddətli nəmləndirmə və qoruma gücünə sahib olur.
Biorevitalizasiyanın nəticələri: səthi qırışlar açılır və dəri parlaq görünür, arıqlama və pəhrizlərdən sonra dərini reabilitasiya edir, intensiv nəmləndirmə dərini baxımlı və təravətli edir, quru və mat dəriyə tonus və canlılıq qazandırır.