Kardiologiya şöbəsi

Kardiologiya - ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və idarə olunması ilə məşğul olan sahədir. “Hayat Hospitalın’’  Kardiologiya şöbəsində ürək-damar xəstəliklərinin müasir diaqnostikası, müalicəsi və adekvat idarə olunması yüksək ixtisaslı, peşəkar həkim heyəti tərəfindən həyata keçirilir.
Şöbə kardioloji pasiyentlərə dolğun və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuşdur.
Kardiologiya şöbəsində aşağıdakı müayinə üsulları həyata keçirilir:

• EKQ (Elektrokardioqrafiya)
• Doppler-ExoEKQ (Doppler-exokardioqrafiya) –  SonoScape S 8Exp, SonoScape S9 pro, Vivid 7 Dimension cihazları vasitəsi ilə həyata keçirilir
• Ürək fəaliyyətinin sutkalıq monitorinqi (Holter EKQ)
Elektrokardioqrafiya ürək fəaliyyəti zamanı yaranan elektrik potensialının qeydiyyatı üsulu olmaqla kardiologiyada instrumental diaqnostikanın təməl metodlarından biridir. EKQ ürək ritmi və tezliyi, koronar qan təchizatı, ürək kameralarının hipertorfiya və dilatasiyası barədə məlumat verir.
Doppler-exokardioqrafiya ürəyin ultrasəs müayinəsi olub kardiologiyada əsas qeyri-invaziv müayinə üsuludur. Doppler-ExoKQ ürəyin strukturu, qapaq apparatı, yığılma qabiliyyəti, ürəkdaxili kütlələr, o cümlədən aorta və ağciyər arteriyası xəstəlikləri barədə ətraflı məlumat verir.
Ürək fəaliyyətinin sutkalıq monitorinqi (Holter EKQ) 24 saat və daha uzun müddət ərzində EKQ-nin fasiləsiz qeydiyyatı üsuludur. Kiçik ölçülü cihaz vasitəsi ilə icra olunan bu müayinə zamanı müayinə olunan şəxs gündəlik həyatını yaşayır və cihaz, planlaşdırılan zaman kəsiyində ürəyin elektrik impulslarını fasiləsiz qeydə alır. Holter EKQ üsulu ürəyin ritm və keçiricilik pozulmaları, ürəyin işemik xəstəliyi, antiaritmik müalicənin effektivliyi və yan təsirlərinin, o cümlədən asimptomatik xəstəliklərin diaqnostikasında önəmli yer tutur. “Hayat Hospitalın’’ Kardiologiya şöbəsində aşağıdakı xəstəliklərin diaqnostika və idarə olunması icra olunur:
• Arterial hipertenziya;
• Ürəyin işemik xəstəliyi;
• Kardiomiopatiyalar;
• Ürək çatışmazlığı;
• Ürək qüsurları;
• Aritmiyalar;
• Perikardit ;
• Endokardit.