Qonartroz nədir?

Artroz və ya osteoartrit oynaq səthlərini təşkil edən qığırdaq toxumasının quruluşunun dəyişməsi və yeyilməsi zamanı yaranan xəstəlikdir. Qığırdağın öncə yumuşalmasıyla başlayan, daha sonra tam ortadan qalxmasıyla nəticələnən, fərqli mərhələlərdən ibarət olan bir xəstəlikdir. Diz oynağının artrozuna Qonartroz deyilir. El arasında bu xəstəlik diz oynağının duzlaşması kimi başa düşülür, lakin burada hər hansısa duzun yığılması deyil, oynağı təşkil edən qığırdağın yeyilib öz quruluşu və funksiyasının sıradan çıxmasıdır. Zamanla oynaq uclarının deformasiyası, hərəkətlərin ağrılı olması və məhdudlaması əmələ gəlir.
Qonartrozun növləri varmı?
Artrozu birincili və ikincili olmaqla iki yerə ayırmaq olar.Birincili artrozun yaranma səbəbi məlum deyil. Lakin artıq bədən çəkisinin olması, həyat tərzi, genetik faktorlar, yaş səbəb kimi gösdərilir. Yaşlı insanlarda daha çox müşahidə olunur. İkincili artrozda isə artrozun səbəbi travma zamanı oynaqdan keçən sınıqlar, keçirilmiş infeksion xəstəliklər, diz oynağının təşkil olunmasında iştirak edən menisklərdə və xaça bənzər bağlarda yaranan yırtıqlar, birləşdirici toxumanın sistem xəstəlikləri, anadan gəlmə inkişafı qüsurlarını göstərmək olar. Gənclərdə ikincili Artroza yaşlılarla müqayisədə daha çox rast gəlinir.
Qonartrozun əlamətləri nədir?
Qonartrozlu xəstələri əsas narahat edən əlamət ağrıdır. Bu ağrılar ilkin əlamətdir və hərəkət edən zaman artır, istirahət edən vaxt isə azalır. Xəstə dizini büküb açarkən krepitasiya ("xırıltı səsi"), şişkinlik müşahidə olunur.